ELM VƏ TƏHSİL
Bilik günü fotolarda
Bakı, 15 sentyabr, AZƏRTAC
2020-2021-ci tədris ilində pandemiya ilə əlaqədar olaraq, dərslər həm əyani, həm də distant (məsafədən) formada təşkil edilib.
AZƏRTAC Təhsil Nazirliyinə istinadla ilk dərs günündən fotoları təqdim edir.
Xatırladaq ki, 2004-cü il avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin təhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəldilməsi və ümumilikdə təhsil sisteminin təkmilləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” Fərman imzalayıb. Sənədə əsasən, ölkəmizin bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlanır və bu gün “Bilik günü” elan edilib. COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq 2020/2021-ci tədris ilində Azərbaycanda “Bilik günü” qeyd olunmur.
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə Nazirlər Kabinetinin Qərarına uyğun olaraq Təhsil Nazirliyi tərəfindən tədris planları təsdiq edilib. Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil olunacaq.