CƏMİYYƏT
Binəqədi rayonunda keçirilən iməcilik zamanı 2500-dən çox ağac əkilib
Bakı, 28 oktyabr, AZƏRTAC
Binəqədi rayonunda “Ümumrespublika yaşıllaşdırma marafonu” layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyası və ümumrayon iməciliyi keçirilib.
İcra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, iməcilikdə YAP rayon təşkilatının fəalları, icra hakimiyyətində təcrübə keçən ASAN könüllüləri, Rəsulzadə qəsəbə bələdiyyəsinin, yaşıllaşdırma idarəsinin əməkdaşları və məktəblilər iştirak ediblər.
Rayondakı 283 nömrəli məktəbin ərazisində gerçəkləşən aksiyada məlumat verilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilib.
Aksiya zamanı ümumilikdə 400 ağac, o cümlədən 50 oleandr, 100 zeytun, 250 sərv ağacı əkilib.
Ağacəkmə aksiyasından sonra rayondakı 138 və 272 nömrəli bağçalarda tərbiyə alan uşaqların və məktəb şagirdlərinin ifasında “Təbiəti qoruyaq” adlı rəqs nümunələri nümayiş etdirilib.
Ümumrayon iməciliyi zamanı rayonun müxtəlif ərazilərində 2500-dən çox ağac əkilib.