CƏMİYYƏT
Binəqədi rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb VİDEO
Bakı, 10 fevral, AZƏRTAC
Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən paytaxt sakini İlqar Kərimov Sulutəpə qəsəbəsi ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onun əlindəki bağlamaya baxış zamanı ümumi çəkisi 1 kiloqram olan heroin və 70 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Araşdırma zamanı müəyyənləşdirilib ki, İlqar Kərimov narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkə vətəndaşından əldə edib. Onun həmin xarici ölkə vətəndaşının tapşırığı ilə narkotik maddələri Bakı şəhəri ərazisində müxtəlif yerlərə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satılmasını təşkil etməsini planlaşdırdığı məlum olub.
Saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. İlqar Kərimov tutularaq istintaqa cəlb olunub. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.