ELM VƏ TƏHSİL
Biofizika institutunda maarifləndirici seminar: “Mənim ilk təqaüdüm”
Bakı, 15 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutunda gənc mütəxəssislər üçün maarifləndirici seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, müəssisənin və Mərkəzi Nəbatat Bağının Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə keçirilən seminarda doktorant Fərid Seyfullayevin “Mənim ilk təqaüdüm” mövzusunda məruzəsi dinlənilib.
F.Seyfullayev gənc mütəxəssislərə mövzu üzrə öz təcrübəsindən danışıb, gənclərin maraq göstərdiyi və daim araşdırmalar apardığı təqaüd proqramlarında tələb olunan sənədlərin tərtibi və qoyulan tələblər, qeydiyyat üsulları, xaricdə necə ödənişsiz təhsil almaq olar kimi məsələlər haqqında ətraflı məlumat verib.
Seminarda institutda təcrübə keçən Bakı Dövlət Universitetinin “SABAH” qrupunun tələbələri, gənc alimlər, magistrantlar və doktorantlar iştirak ediblər.