ELM VƏ TƏHSİL
Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının növbəti iclası
Bakı, 9 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının növbəti onlayn iclası keçirilib.
Problem şurasının sədri, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova iclasın gündəliyi barədə iştirakçılara məlumat verib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, akademik İradə Hüseynova elmi-tədqiqat işlərinin mövzularına diqqətlə baxılması və lazımi qərarların verilməsi üçün bütün işlərin görüldüyünü, müvafiq seksiyaların işinin yüksək səviyyədə təşkil edildiyini, dissertasiyaların yerinə yetirildiyi təşkilatlarla sıx əlaqələrin yaradıldığını diqqətə çatdırıb.
Sonra problem şurasının elmi katibi, AMEA-nın Botanika İnstitutunun Mikologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru, dosent Dilzarə Ağayeva dissertasiya mövzularının təsdiqi üçün 31 işin (biologiya üzrə 15, aqrar elmlər üzrə 8, tibb üzrə 8 iş) müzakirəyə çıxarıldığını bildirib. Daha sonra D.Ağayeva biologiya elmləri üzrə, problem şurasının sədr müavini, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq meliorasiyası laboratoriyasının müdiri, aqrar elmləri doktoru Mustafa Mustafayev aqrar elmləri üzrə, Azərbaycan Tibb Universitetinin II Cərrahi xəstəliklər kafedrasının dosenti, tibb elmləri doktoru, dosent Rasim Cəfərli isə tibb üzrə dissertasiya mövzularını təqdim ediblər.
Biologiya üzrə müzakirəyə çıxarılmış 15, aqrar elmlər üzrə 6, tibb üzrə 7 iş müsbət qiymətləndirilərək qəbul olunub, digər mövzular təkrar baxılmaq üçün geri qaytarılıb.