CƏMİYYƏT
“Bir Könüllü” təşkilatı V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalında könüllü dəstəyi göstərib
Bakı, 17 may, AZƏRTAC
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğunun təşkilatçılığı ilə V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı keçirilib.
Bu barədə AZƏRTAC-a “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyindən məlumat verilib.
Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar keçirilən üç günlük beynəlxalq tədbirdə 50-dən çox könüllü dəstəyi göstərən yeganə təşkilat “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi mayın 10-dan tarixindən etibarən fəaliyyətə başlayaraq 10 müxtəlif xarici ölkədən folklor üslublarında çıxış edən musiqiçilərinin, rəqs qruplarının, Azərbaycanın müxtəlif regionlarından folklor kollektivlərinin və digər qonaqların Bakıda və Şuşada qarşılanması, yerləşdirilməsi, şəhər gəzintisi, yola salınması, səhnəyə qədər olan hazırlıq prosesi, ümumi işlərə nəzarət və təşkilatçılıq işlərinin yerinə yetirilməsinə dəstək göstəriblər.
Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün altı istiqamətdə fəaliyyət göstərən “BİR” tələbə-könüllü proqramı tərəfindən indiyədək 1000-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib.
Qeyd olunub ki, BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.