ELM VƏ TƏHSİL
“Bir” Tələbə-Könüllü proqramı tərəfindən bölgə tələbələri üçün təqdimatlar keçirilib
Bakı, 25 sentyabr, AZƏRTAC
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı tərəfindən Lənkəran Dövlət Universiteti və Masallı Dövlət Regional Kollecinin tələbələri üçün təqdimatlar keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, təqdimatlar zamanı proqramın meneceri Canoğlan İlyasov Azərbaycanda könüllülük sahəsində ilk dəfə həyata keçirilən www.konullu.edu.az saytında tətbiq olunan “Online sertifikat sistemi” barədə məlumat verib.
Tədbirdə müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən proqram çərçivəsində keçirilmiş təlimlər, seminarlar, komanda turları, festivallar, xeyriyyə aksiyaları və s. barədə videoçarxlar nümayiş etdirilib.
Qeyd edək ki, Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Proqram tələbələrin karyera imkanlarını qazanmasında, dərsdənkənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır. Hazırda 21 ali və 16 orta ixtisas təhsili müəssisələrini əhatə edən proqram 17 mindən artıq könüllü bazasına sahibdir. Fəaliyyət göstərdikləri iki il ərzində 200-dən çox müxtəlif səviyyəli tədbirləri müşayiət etmiş könüllülər ölkəmizin yeddi regionunda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Masallı) təmsil olunublar.