İQTİSADİYYAT
Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır
Bakı, 6 may, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan iş adamlarından ibarət nümayəndə heyəti ilə görüşüb.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinin rəhbəri Əhməd Dalmuk Al Maktum energetika sahəsində əməkdaşlıq imkanları ilə maraqlanıb. Görüşdə bərpaolunan enerji sahəsində investor kimi iştirak, qaz və bərpaolunan enerji mənbələrindən elektrik enerjisinin istehsalında xərclərin azaldılması və səmərəliliyə nail olunması istiqamətində, eləcə də SOCAR-la əməkdaşlıq niyyətləri ifadə edilib.
P.Şahbazov BƏƏ ilə müxtəlif sahələr üzrə yüksək səviyyədə olan əlaqələrin enerji sektorunda da inkişafı üçün potensialın olduğunu bildirib. “OPEC plus” toplantıları çərçivəsində BƏƏ-nin energetika və sənaye naziri Suheyl əl-Mazrui ilə sıx təmasda olduğunu deyən nazir bu görüşlərin yeni əməkdaşlıq əlaqələrinin yaradılmasında mühüm rolunu qeyd edib. Belə görüşlərin nəticəsi kimi nazir hazırda “Mübadilə” şirkəti ilə müzakirələrin aparıldığını bildirib. Eyni zamanda, bərpaolunan enerji sahəsində “Masdar” şirkəti ilə əməkdaşlıq edildiyini diqqətə çatdırıb.
Görüşdə hazırda bərpaolunan enerji sahəsində həyata keçirilən kompleks tədbirlər, investorlar üçün əlverişli mühitin yaradılması istiqamətində görülən işlər, həmçinin müvafiq layihələr barədə məlumat verilib və BƏƏ-nin iş adamları ölkəmizdə enerji sahəsində iştiraka dəvət olunub.