SİYASƏT
Birləşmiş Ərəb Əmirlikləri portalında ümummilli lider Heydər Əliyev haqqında məqalə yayılıb
Əbu-Dabi, 12 dekabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin “Kolalarab.net” portalında “Azərbaycan xalqı öz ümummilli lideri Heydər Əliyevi unutmur” sərlövhəli məqalə yayılıb.
Məqalədə bildirilir ki, müasir müstəqil Azərbaycanın banisi və qurucusu Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyev bütöv bir qərinə ərzində Azərbaycana rəhbərlik edib, müstəqilliyin bərpasından sonra yeni dövlətin yaradılmasında mühüm rol oynayıb və bütün həyatını xalqının, Vətəninin inkişafına, dövlət quruculuğuna həsr edib. Heydər Əliyev bu gün də Azərbaycanın hər bir vətəndaşının qəlbində yaşayır və ölkənin müasir tarixində canlı xatirə kimi qalacaq. Məhz Heydər Əliyev ölkəni parçalanmaqdan xilas edib, vətəndaş birliyinə, möhkəm sabitliyə və iqtisadi tərəqqiyə nail olub.
Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanda daxili və xarici siyasət, iqtisadiyyat, ticarət, mədəniyyət və sair kimi mühüm sahələrdə köklü islahatlar aparıldığına diqqət çəkən müəllif ölkəmizin beynəlxalq arenada aparıcı dövlətlərdən birinə çevrildiyini, yeni xarici siyasət konsepsiyasına əsaslanaraq beynəlxalq birlik, eləcə də özünü ayrılmaz hissəsi hesab etdiyi İslam dünyası, o cümlədən ərəb ölkələri ilə ikitərəfli əlaqələrini bərpa etdiyini diqqətə çatdırır.
Müəllif qeyd edir ki, Heydər Əliyev irsinə və xarici siyasət kursuna sadiq qalan Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edir, ölkədə sabit demokratik və iqtisadi islahatlar aparılır və Azərbaycan beynəlxalq əlaqələr müstəvisində etibarlı tərəfdaşa çevrilib.
Məqalənin “Heydər Əliyev və ərəb dünyası, milli-mənəvi dəyərlər” hissəsində səfir Azərbaycanın İslam dünyasının ayrılmaz hissəsi olduğunu, öz milli-mənəvi dəyərlərinə sadiq qaldığını, hələ Sovet İttifaqı dövründə Azərbaycan xalqının dini ibadətləri gizli şəkildə də olsa icra etdiyini diqqətə çatdırır. O, Ulu Öndərin 1993-2003-cü illəri əhatə edən hakimiyyəti dövründə Azərbaycanda bir sıra məscid və ibadət evlərinin tikildiyini bildirir, bu gün Azərbaycan cəmiyyətinin tolerant bir cəmiyyət olduğunu və müxtəlif dinlərin mənsublarının ölkədə bir ailə kimi yaşadığını qeyd edir, Ulu Öndərin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfəri zamanı Məkkə və Mədinəni ziyarət etdiyini oxucuların diqqətinə çatdırır.
Məqalədə Azərbaycanın İslam dünyası ilə əlaqələrinin inkişafında 1994-cü ilin dekabrında Mərakeşin Kasablanka şəhərində keçirilən VII İslam Zirvə toplantısının mühüm rol oynadığı vurğulanır, tədbirdə Heydər Əliyevin iştirak etdiyi, səfər çərçivəsində onun Mərakeşin mərhum Kralı II Həsən, İordaniyanın mərhum Kralı Hüseyn bin Təlal, Küveytin mərhum Əmiri Cabir Əl-Əhməd əl-Cabir əs-Sabah və digərləri ilə tarixi görüşlər keçirdiyi xatırlanır. Bildirilir ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında sıx münasibətlərin əsası da məhz bu tədbir çərçivəsində dahi lider Heydər Əliyevin BƏƏ-nin qurucusu və mənəvi atası Şeyx Zayed əl Nəhyanla görüşü ilə qoyulub.
Daha sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan müəllif İslam Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq və möhkəm dostluq əlaqələrinin olduğunu, İƏT-in münaqişə ilə bağlı müvafiq qətnamələr qəbul etdiyini bildirir. Bu qətnamələrdə təşkilatın Ermənistanın Azərbaycana qarşı təcavüzünü pislədiyi, Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərini dərhal və qeyd-şərtsiz boşaltmasını tələb etdiyi diqqətə çatdırılır.
Hazırda Azərbaycanın İslam dünyası, o cümlədən ərəb ölkələri ilə möhkəm və sağlam dostluq münasibətlərinə malik olduğunu qeyd edən müəllif ölkəmizin İƏT, ISESCO və digər nüfuzlu İslam və ərəb təşkilatları ilə sıx əməkdaşlıq etdiyini, İslam dünyası ilə bağlı keçirilən mötəbər tədbirlərə ev sahibliyi etdiyini vurğulayır.
Sonda müəllif qeyd edir ki, müasir müstəqil Azərbaycanın banisi ümummilli lider Heydər Əliyev nəcib əməlləri, gördüyü böyük işlərlə öz xalqının xatirəsində daim yaşayacaq, Ulu Öndərin ideya və fikirləri müstəqil Azərbaycanın İslam və ərəb dünyası ilə əlaqələrinin daha da güclənməsinə xidmət edəcək.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi