CƏMİYYƏT
Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı Təhlükəsizlik Şurası sədrlərinin görüşü keçirilib
Bişkek, 15 may, AZƏRTAC
Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Təhlükəsizlik Şurası sədrlərinin 14-cü görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə ŞƏT-in Baş katibi Vladimir Norov, üzv ölkələrin - Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Pakistan və Hindistanın təhlükəsizlik qurumlarının rəhbərləri, o cümlədən müşahidəçi dövlətlərin nümayəndələri iştirak ediblər.
Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Damir Saqinbaev bu il ölkəsinin ŞƏT-ə sədrliyi dövründə görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb.
Görüşdə təşkilatın üzvü olan ölkələrdə təhlükəsizliyin və sərhədlərin qorunması, terrorizm, separatizm, ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirlərinin gücləndirilməsi, həmçinin informasiya təhlükəsizliyinin qorunması istiqamətində geniş müzakirələr aparılıb.
Tədbirdə, həmçinin Əfqanıstanda sülhün və sabitliyin bərpa edilməsi və qorunması məsələləri diqqət mərkəzində olub.
Görüşdə bu ilin iyun ayında Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçiriləcək Sammitinə hazırlıq məsələləri də müzakirə edilib.
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov görüş iştirakçılarını qəbul edib.
Xatırladaq ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı qismində çıxış edir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek