CƏMİYYƏT
“Biznesini yarat marafonu” çərçivəsində təlimlər davam etdirilir
Bakı, 30 iyul, AZƏRTAC
Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondunun birgə icra etdikləri “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı”nın ilk layihəsi olan “Biznesini yarat marafonu”nun seçim mərhələsini uğurla keçənlərin biznes təlimləri davam edir.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, marafona 18-29 yaş kateqoriyasından olan 555 işsiz və ya işaxtaran gənc müraciət edib.
Qısa videoçarx şəklində təqdim edilən biznes ideyalar təqdimatın keyfiyyəti, anlaşılan və dolğun olması, layihə müəllifinin motivasiyası və zəruri bilikləri kimi meyarlar əsasında dəyərləndirilib və 127 gənc təlim mərhələsinə keçib. Müraciətlər dəyərləndirilən zaman Vətən müharibəsində iştirak etmiş, yaralanmış, habelə şəhid ailəsi üzvləri və əmək qabiliyyətli əlilliyi olan gənclərə üstünlük verilib.
Növbəti mərhələsində iştirakçılara Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) mütəxəssisləri təlimlər keçəcək, həmçinin iştirakçılara mentor dəstəyi göstəriləcək. Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu təlimi uğurla başa vuran gənclərə biznes ideyalarını həyata keçirmək üçün resurs və maliyyə dəstəyi göstərəcək.
Qeyd edək ki, Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı çərçivəsində üç müxtəlif istiqamət üzrə- “İşəgötürənlər üçün əməkhaqqı subsidiyası”, “Biznesini yarat marafonu”, “Peşəkar gənclik” layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.