MƏDƏNİYYƏT


“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı bu dəfə Gəncədən başlayacaq

Bakı, 25 mart, AZƏRTAC

Martın 28-dən etibarən Gəncə şəhərində “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının açılış mərasimi baş tutacaq.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı respublikamızın 16 regional mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin iştirakı ilə keçiriləcək.

Festival Azərbaycanın bütün regionlarının bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağına imkan yaradacaq. Eyni zamanda, bölgələr arasındakı mədəni mübadilənin gücləndirilməsinə və yeni təşəbbüslərə zəmin olacaq.

İki hissədən ibarət “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının birinci hissəsi sərgiyə, ikinci hissəsi isə konsert proqramına həsr ediləcək.

Sərgidə festival çadırları qurulacaq, şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri sərgilənəcək. Bundan başqa, sənətkarlıq nümunələrinin satış yarmarkası da təşkil olunacaq.

Konsert proqramında isə musiqiçilər, rəqs qrupları, folklor kollektivləri, qiraət ustalarının çıxışları yer alacaq.

Qeyd edək ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir keçirilir. Yaradıcılıq festivalı iki ay davam edəcək. Belə ki, festivalın mart ayında Gəncə və Ağstafada, apreldə Kürdəmir, Ağdaş, Saatlı, Neftçala, Bərdə, Ağcəbədi, Abşeron, Xaçmaz, may ayında isə Lerik, Masallı, Şəmkir, Balakən, Şamaxı şəhərində keçiriləcəyi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.