CƏMİYYƏT
Bolnisidə Vətən müharibəsi şəhidinin adı əbədiləşdirilib
Tbilisi, 7 mart, AZƏRTAC
Gürcüstanın Bolnisi rayonunun Arıxlı (Naxiduri) kəndində Azərbaycan torpaqlarının işğaldan azad edilməsində qəhrəmanlıq göstərərək şəhid olan Bilal Xanlar oğlu Qəmbərovun adı əbədiləşdirilib.
AZƏRTAC xəbər verir ki, kənddə şəhidin xatirəsinə abidə qoyulub və bulaq tikilib. Martın 7-də abidənin açılışı olub. Açılış mərasimində Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, rayonun və kəndin ziyalıları, ağsaqqalları iştirak ediblər.
Səfirliyin əməkdaşı Anar Rəsulov tədbirdə çıxış edərək Azərbaycanın 44 günlük Vətən müharibəsində parlaq qələbəsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edib ki, Vətən müharibəsində Gürcüstanda yaşayan soydaşlarımız da ölkəmizə dəstəklərini əsirgəməyiblər. Bu müharibədə Gürcüstandakı soydaşlarımız 15 şəhid veriblər.
A.Rəsulov dövlətimizin şəhid və qazi ailələrinə göstərdiyi diqqət və qayğı barədə məlumat verib, onlara dəstəyin daimi olacağını bildirib.
Sonra Borçalı Azərbaycan Mədəniyyəti Mərkəzinin sədri, yazıçı-sair Əlixan Yəhya oğlu, şəhidin dayısı İman Tanrıverdiyev, tədbirin əsas təşkilatçısı həkim Eyvaz İsayev və başqaları çıxış edərək şəhidlə bağlı xatirələrini bölüşüb, göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlıq ediblər.
Qeyd edək ki, 1993-cü il təvəllüdlü B.Qənbərov 44 günlük müharibədə noyabrın 4-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi