MƏDƏNİYYƏT
Bolqar rejissor “YUĞ” da tamaşa hazırlayacaq
Bakı, 9 fevral, AZƏRTAC
Azərbaycan Dövlət “YUĞ” Teatrı beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində daha bir irimiqyaslı layihə həyata keçirməyə hazırlaşır.
Teatrın ədəbi hissə müdiri Elçin Cəfərov AZƏRTAC-a bildirib ki, tezliklə bolqar rejissor teatrda tamaşa hazırlayacaq. Hər zaman beynəlxalq əlaqələrin qurulmasını fəaliyyətinin prioritet istiqamətlərindən biri hesab edən sənət ocağı, bolqar rejissor Xristo Stoyçevlə razılıq əldə edib. Razılaşmaya əsasən, rejissor teatrda U.Şekspirin “III Riçard” əsərinə quruluş verəcək. H.Stoyçev U.Şekspirin əsərini yeni səhnə redaksiyasında təqdim etməyi planlaşdırır. Belə ki, tamaşada cəmi dörd obraz iştirak edəcək.
Tamaşanın quruluşçu rəssamının da Bolqarıstandan dəvət olunması nəzərdə tutulur. Artıq bolqar rəssam Olqa Boseva ilə ilkin razılıq əldə olunub.
Elçin Cəfərov deyib ki, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində keçirilən Beynəlxalq Teatr Konfransı Azərbaycan teatrının dünya teatr məkanına inteqrasiyasına və beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulmasına böyük töhfələr verib: “Beynəlxalq Teatr Konfransı zamanı tanış olduğumuz və yaradıcılıq əlaqələri qurduğumuz sənətçilərdən biri – bolqar rejissor Xristo Stoyçevlə növbəti yaradıcılıq əməkdaşlığı ilə bağlı görüşümüz olub. Xristo Stoyçev maraqlı dünyagörüşü və sənət təfəkkürü ilə seçilən, Azərbaycan mədəniyyətinə böyük rəğbət bəsləyən sənətçilərdəndir. Rejissorun 2000-ci ildə Lənkrəran Dövlət Dram Teatrında hazırladığı “Mizantrop” tamaşası mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. İnanırıq ki, bu beynəlxalq layihənin həyata keçirilməsi həm “YUĞ” Teatrının yaradıcı inkişafı, həm də Azərbaycan teatrının dünya teatr məkanına inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edəcək”.