SİYASƏT


Bosniya və herseqovinalı tanınmış jurnalist Adis Delykoviçin Qarabağla bağlı kitabı təqdim olunub VİDEO

Sarayevo, 28 oktyabr, AZƏRTAC

Bosniya və Herseqovina Televiziyasının (BHT1) xarici siyasət redaksiyasının rəhbəri, bosniyalı tanınmış jurnalist Adis Delykoviçin “Dağlıq Qarabağda hərb və sülh” kitabı təqdim edilib.

AZƏRTAC xəbər verir ki, kitabda ölkəmizin İkinci Qarabağ müharibəsində qalib gəlməsindən və hazırda işğaldan azad edilmiş ərazilərə nəzarəti bərpa etməsindən, o cümlədən Azərbaycanın zəngin mədəniyyəti, görməli yerləri və son illərdə iqtisadi çiçəklənmə yaşayan paytaxt Bakı haqqında bəhs olunub. Nəşr müəllifin ölkəmizin işğaldan azad edilmiş ərazilərinə və Bakıya səfərləri zamanı hazırladığı televiziya reportajları əsasında ərsəyə gəlib.

Tuzla şəhərində keçirilən təqdimat mərasimində Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyinin nümayəndələri, şəhər bələdiyyəsinin üzvləri, Tuzla Milli və Universitet Kitabxanasının rəhbərliyi, ölkədə tanınmış mətbuat işçiləri və QHT nümayəndələri iştirak ediblər.

İştirakçılar çıxışlarında Azərbaycanın beynəlxalq qaydada tanınmış ərazisi olan və 90-cı illərin əvvəlində Ermənistan tərəfindən işğal edilmiş Qarabağ bölgəsinin 44 günlük müharibə nəticəsində azad edildiyi, Ermənistanın 30 ilə yaxın işğalda saxladığı ərazilərdə heç bir quruculuq işlərinin aparmadığı, əksinə burada yaşayış infrastrukturunu, habelə Azərbaycana və islam mədəniyyətinə aid abidələri, o cümlədən saray, məscid, muzey, teatr və məzarlıqları darmadağın etdiyi və bu ərazilərdə kütləvi minalama apardığı barədə danışıblar.

İşğaldan azad olunmuş ərazilərə səfəri zamanı erməni vandalizmi və vəhşiliyinin canlı şahidi olduğunu bildirən kitabın müəllifi A.Delykoviç Ermənistanın müharibə müddətində mülkü Azərbaycan şəhərlərini raket zərbələrinə məruz qoyduğu, müharibə bitdikdən sonra isə tərk etdiyi ərazilərdə ekoloji terror törədərək meşələri və əkin sahələrini yandırdığı və buradakı çay sularını zəhərlədiyini iştirakçıların diqqətinə çatdırıb.

Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev çıxışı zamanı ölkəmizin İkinci Qarabağ müharibəsində əldə etdiyi Qələbənin əhəmiyyətindən, 44 günlük müharibənin Qələbəmizlə başa çatdıqdan sonra Azərbaycan Prezidentinin Sərəncamı ilə əvvəllər “Dağlıq Qarabağ” adlandırılan ərazidə Qarabağ iqtisadi rayonunun yaradıldığı barədə məlumat verib.

Təqdimat zamanı A.Delykoviçin ölkəmizə səfərləri zamanı hazırlanan videoçarx nümayiş etdirilib.

Suallar və fikir mübadiləsi ilə davam edən tədbirdə bosniyalılar ölkəmizə, onun tarix və mədəniyyətinə, müasir dövrdə sürətli inkişafına, dünyada tanınmaqda olan “Azərbaycan modelinə” böyük maraq göstəriblər.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.