İQTİSADİYYAT
“Böyük Bakının Regional İnkişaf Planı”nda nəqliyyatla bağlı problemlər də həllini tapacaqdır
Bakı, 23 noyabr (AZƏRTAC). Böyük Bakının inkişaf konsepsiyasında sərnişin nəqliyyatı ilə bağlı problemlər də öz əksini tapmışdır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Böyük Bakının Regional İnkişaf Planı” layihəsinin işçi qrupunun rəhbəri Novruz Eldarlı mətbuat nümayəndələrinə verdiyi müsahibəsində demişdir.
Bu gün ictimai nəqliyyat qismində yalnız avtobus və metropolitendən istifadə edildiyini nəzərə çatdıran N.Eldarlı nəqliyyatın digər növlərinin də istifadəyə verilməsinin zəruriliyini vurğulamışdır.
Qeyd olunmuşdur ki, hazırda şəhərdaxilində vəziyyətin yaxşılaşdırılması və yol tikintisi sahəsində böyük işlər görülür. Bu işlər kompleks şəkildə görülməlidir. Bina və yolların tikintisi, kommunikasiyaların salınması, yeni sənaye mərkəzlərinin təşkili və digər məsələlər koordinasiyalı, əlaqələndirilmiş vahid plan üzrə həyata keçirilməlidir. Layihədə bütün bunlar nəzərə alınmışdır.