REGİONLAR
Böyük Oxlu şəhidlərinin xatirəsi yad olunub
Beyləqan, 27 yanvar, AZƏRTAC
Xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Yeni Xocavənd qəsəbəsində 1994-cü il yanvarın 26-da strateji əhəmiyyətə malik Böyük Oxlu yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olan Vətən övladlarının xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocavənd rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları, ağsaqqallar, gənclər, ziyalılar, N saylı hərbi hissənin zabit və əsgərləri şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi önünə gül-çiçək dəstələri düzüblər. Respublikanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov deyib: "26 il öncə Böyük Oxlu yüksəkliyi uğrunda gedən döyüşlərdə 26 nəfər Vətən övladı şəhidlik zirvəsinə yüksəlib. Dağlıq və Aran Qarabağın böyük bir hissəsini nəzarət altında saxlamağa imkan verən bu strateji əhəmiyyətli yüksəklik hazırda düşmən işğalı altındadır. Əminliklə deyə bilərik ki, öz gücünü, qüdrətini 2016-cı ilin Aprel döyüşlərində düşmənə göstərən Azərbaycan Ordusu uğrunda neçə-neçə igid Vətən oğlunun qanı tökülmüş bu ərazini düşməndən azad edəcək. O zaman 26 il bundan əvvəl bu torpaq uğrunda canını fəda etmiş şəhidlərimizin ruhları əbədi dinclik tapacaqdır".
Tədbirdə N saylı hərbi hissənin zabiti Fərahim Eyvazov silahlı qüvvələrimizin işğal altındakı torpaqlarımızı Ali Baş Komandanın əmri ilə qısa vaxtda azad etməyə hazır olduğunu bildirib.
F.Eyvazov, həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin reallaşdırdığı “Şəhidlər unudulmur” layihəsi haqqında da məlumat verib. Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların vətənpərvərliklərinin və qəhrəmanlıqlarının təbliği, məktəblilərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə icra olunan layihə çərçivəsində orta ümumtəhsil məktəblərinin ən qabaqcıl siniflərinə şəhidlərimizin adlarının verildiyini diqqətə çatdırıb.
Salakətin kənd tam orta məktəbin müəllimi Gültəkin Ağayeva ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş oğulların xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğunu diqqətə çatdırıb. O, tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək bildirib ki, şəhidlərin müqəddəs əməllərini layiqincə qiymətləndirmək və bunu gələcək nəsillərə çatdırmaq bizim ümdə vəzifəmizdir.
Sonra Salakətin kənd tam orta məktəbin ən fəal sinfinə Böyük Oxlu yüksəkliyi uğrunda şəhid olmuş Şikar Abdullayevin adı verilib. Şəhidin şəkli məktəbin müəlliminə təqdim olunub.