CƏMİYYƏT
Böyük Qayıdışa doğru: Çadır düşərgələrindən başlayan yol











Bakı, 8 iyun, AZƏRTAC
İyunun 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) təşkilatçılığı ilə "Böyük Qayıdışa doğru: Çadır düşərgələrindən başlayan yol" adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin 1993-2003-cü illərdə qaçqınlar və məcburi köçkünlərlə görüşlərini, didərginlik həyatı yaşayan insanlara qayğısını, onların müvəqqəti məskunlaşdıqları yerlərə xarici qonaqlar və beynəlxalq təşkilatların nümayəndələri ilə birgə səfərlərini, mövcud problemə dair tədbirlərdə iştirakını əks etdirən fotosərgi ilə tanış olublar. Sərgidəki 60-a yaxın fotoda Ümummilli Lider Heydər Əliyevin xalqının ağrı-acılarına ürəkdən şərik olan, bunları yüngülləşdirmək və aradan qaldırmaq üçün fədakarlıqla çalışan, müharibədən əziyyət çəkən vətəndaşlara hərtərəfli qayğı göstərən, onlarda gələcəyə ümid, torpaqlarımızın işğaldan mütləq azad edilcəyinə inam yaradan müdrik rəhbər, sevilən milli Lider obrazı təcəssüm tapıb. Fotolar Azərbaycan və ingilis dillərində tanıdıcı mətnlə təqdim edilib.
Sonra Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirdiyi dövlət siyasətindən, bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli, yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində görülən genişmiqyaslı tədbirlərdən bəhs edən filmə baxıblar.
Filmin nümayişindən sonra məcburi köçkün ziyalılar Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər.
Vaxtilə Heydər Əliyevlə iki dəfə görüşmək nəsib olan Şuşa rayon sakini Vüsalə Fətəliyeva bildirib: “Biz, azad torpağın sakinləri bu gün fəxrlə Ulu Öndərin 100 illik yubileyini qeyd edirik. Ümummilli Liderin 1993-cü ildə yenidən Azərbaycana qayıdışı bu gün keçmiş qaçqınların və məcburi köçkünlərin torpaqlara qayıdışını təmin etmiş oldu”.
Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqlara artıq Böyük Qayıdışın başlaması ilə Ümummilli Liderin arzuları reallığa çevrilib.
Laçın rayon sakini Qəzənfər Hüseynov vurğulayıb ki, hər bir xalqın uğurunun əsasında güclü məktəb və onu yaradan Lider dayanır. Bütün keçmiş məcburi köçkünlər kimi, laçınlılar da torpaqlarımızın azad olunması sevincini yaşadıqlarına görə bu gün çox xoşbəxtdirlər. "Bu xoşbəxtliyi bizlərə bəxş etdiyinə görə bu uğurun əsasını qoyan Ulu Öndər Heydər Əliyevə və onun layiqli varisi Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk", - deyə o qeyd edib.
Kəlbəcər rayon sakini Mirsəyyad Zamanlı, Zəngilan rayon sakini Təhmasib Novruzov və Füzuli rayon sakini Vidadi Əliyev çıxışlarında Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, Ümummilli Liderin gördüyü işlərdən söz açıblar.
Milli Məclisin deputatı akademik Rafael Hüseynov xalqımızın Ümummilli Liderinin həyatından və dövlətçilik fəaliyyətindən danışıb. Diqqətə çatdırılıb ki, müzəffər Azərbaycan Böyük Qayıdış bayramını qeyd edir. Vurğulanıb ki, hər bir xalqın ən böyük dəyəri onun müstəqilliyi, istiqlalıdır. Heydər Əliyevin xalq qarşısında misilsiz xidmətlərinin zirvəsində məhz istiqlaliyyətimizin təmin olunması dayanır. Azərbaycan Ümummilli Liderin əsasını qoyduğu siyasətlə daha böyük zəfərlər qazanacaq, daha böyük nailiyyətlərə imza atacaq.
Tədbir konsert proqramı ilə yekunlaşıb.