MƏDƏNİYYƏT


Böyük Teatrda azərbaycanlı musiqiçilərin iştirakı ilə “Don Karlos” operası oynanılacaq

Bakı, 4 yanvar, AZƏRTAC

Yanvarın 23-dən 26-dək Rusiya Dövlət Akademik Böyük Teatrında C.Verdinin “Don Karlos” operası nümayiş etdiriləcək.

AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, yanvarın 24-də və 26-da səhnə əsərində Yelizaveta Valua obrazını Azərbaycanın Xalq artisti Dinara Əliyeva (soprano) yaradacaq. Yanvarın 23-də və 25-də Don Karlosun partiyasını Azərbaycanın Xalq artisti Yusif Eyvazov (tenor) ifa edəcək.

Dinara Əliyeva 2009-cu ildən Böyük Teatrın solistidir. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransada və Çexiyada “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015 və 2017-ci illərdə Moskvada Dinara Əliyevanın “Opera Art” beynəlxalq musiqi festivalları keçirilib.

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Yusif Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Yusif Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.