SİYASƏT


Brüssel Azərbaycan Evində icma üzvlərimizlə görüş olub

Bakı, 7 iyun, AZƏRTAC

Belçikaya səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) əməkdaşlarının bu ölkədə yaşayan Azərbaycan icmasının üzvləri ilə görüşü keçirilib.

Komitədən AZƏRTAC-a bildirilib ki, Brüssel Azərbaycan Evində baş tutan tədbiri giriş sözü ilə DİDK sədrinin müavini Elşad Əliyev açıb. Dünya Azərbaycanlılarının V Qurultayında müəyyənləşdirilən strategiya və yeni hədəflər, iyunun 4-də Brüsseldə keçirilən Avropa Azərbaycanlıları Konqresinin VII qurultayında qəbul edilmiş qərarlar və komitənin həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verən sədr müavini Qarabağdakı parlaq Qələbəmizdən sonra Cənubi Qafqaz bölgəsində yaranmış yeni reallıqlar fonunda Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görüləcək işlər barədə danışıb.

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayındakı tövsiyələrinə diqqəti cəlb edən sədr müavini Koordinasiya Şuraları, Azərbaycan Evləri və həftəsonu Azərbaycan məktəbləri ilə əlaqədar fəaliyyətin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Belçika Azərbaycanlıları Federasiyasının həmsədri Anar Malik Brüssel Azərbaycan Evinin fəaliyyət istiqamətləri, həyata keçirdiyi və yaxın gələcəkdə gerçəkləşdirilməsi nəzərdə tutulan layihələrdən bəhs edib. Soydaşlarımızı ölkəmiz naminə birlik və həmrəylik nümayiş etdirməyə, Azərbaycan Evinin layihələrində fəal iştirak etməyə çağırıb.

Fikir mübadiləsi ilə davam edən görüşdə diaspor fəalı İlahə Tağıyeva və başqaları çıxış edərək, doğma dilimizin, qədim tariximizin və zəngin mədəniyyətimizin təbliği ilə bağlı müxtəlif layihələrə dair yeni ideyalar və təkliflər irəli sürüblər.

Sonra icma üzvlərinin övladlarının ifasında görkəmli şairimiz Səməd Vurğunun məşhur “Azərbaycan” şeiri səsləndirilib.

Qeyd edək ki, tədbirdə DİDK sədrinin müavini Vaqif Seyidbəyov, komitə əməkdaşları, ölkəmizin Belçikadakı səfirliyinin nümayəndələri, Brüssel şəhərində və ətrafında yaşayan müəllimlər, valideynlər və övladları iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.