İDMAN
Bu gün Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə turnir keçiriləcək
Bakı, 29 dekabr, AZƏRTAC
Dekabrın 29-da AAAF Park Yaşayış Kompleksinin yarış zalında Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə XVIII açıq turnir keçiriləcək. Bu barədə AZƏRTAC-a Azərbaycan Ağır Atletika Federasiyasından məlumat veriblər.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə baş tutacaq yarış beynəlxalq status daşıyır. Bakı və ölkəmizin regionlarında fəaliyyət göstərən idman təşkilatlarından, həmçinin Gürcüstandan dəvət olunan idmançılar da turnirdə iştirak edəcəklər.
Turnirin keçirilməsində məqsəd Milli Qəhrəman Fəxrəddin Şahbazovun timsalında Vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, onun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, yerlərdə ağır atletika idman növünün inkişafı, ən güclü idmançıların aşkarlanması, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.