İDMAN
Bu gün UEFA Millətlər Liqasının V turuna start veriləcək
Bakı, 15 noyabr, Nicat Məmmədov, AZƏRTAC
Noyabrın 15-də UEFA Millətlər Liqasında 5-ci turun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma təşkil olunacaq.
Turun mərkəzi qarşılaşması “A” liqasının 4-cü qrupunda oynanılacaq. Son dünya finalçısı Xorvatiya millisi İspaniya yığması ilə münasibətlərə aydınlıq gətirəcək.
Turun digər maraq doğuran oyunu “A” liqasının 2-ci qrupunda keçiriləcək. Belçika seçməsi doğma meydanda İslandiya ilə qarşılaşacaq. Meydan sahibləri bu görüşdə qələbə qazanacağı təqdirdə növbəti mərhələ şanslarını daha da artıracaqlar.
“B” liqasının 3-cü qrupunda Bosniya və Herseqovina səfərdə Avstriyadan xal ala bilsə, növbəti matç komanda üçün formal xarakter daşıyacaq.
“C” liqasının 2-ci qrupunda Macarıstan Estoniyanı, Yunanıstan isə Finlandiyanı qəbul edəcək. Macarıstan və Estoniya növbəti mərhələ şanslarını itirib. Finlandiya isə bir xal qazanacağı təqdirdə play-off mərhələsinə vəsiqə qazanacaq.
Lüksemburq yığması “D” liqasının 2-ci qrupunda evdə Belarusla üz-üzə gələcək. Meydan sahibləri qələbə qazansa, növbəti mərhələyə yüksələcəklər. Qrupun digər matçında isə San-Marino və Moldova komandaları qarşılaşacaqlar.
Azərbaycan milli komandasının yer aldığı “D” liqasının 1-ci qrupunda Qazaxıstan millisi Latviya yığmasını qəbul edəcək. Gürcüstan seçməsi isə səfərdə Andorra komandasının qonağı olacaq.
Qeyd edək ki, Qazaxıstan-Latviya oyunu Bakı vaxtı ilə saat 19:00-da, qalan oyunlar isə 23:45-də başlayacaq.