CƏMİYYƏT
Bu gündən Azərbaycanda hərbi qulluqçuların koronavirus əleyhinə vaksinasiyasına başlanılıb
Bakı, 16 fevral, AZƏRTAC
Bu gündən Azərbaycanda hərbi qulluqçuların yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiyasına başlanılıb.
Azərbaycan ordusunda COVID-19 əleyhinə vaksinasiya prosesi “SARS-COV-2 vaksinasiyasına rəhbərliyin” tələblərinə riayət olunaraq aparılır. AZƏRTAC xəbər verir ki, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında peyvənd olunacaq şəxslər şəxsiyyət vəsiqələri ilə və sosial məsafəni gözləməklə yaradılmış peyvənd məntəqələrinə yaxınlaşır, sonra müvafiq jurnalda qeydiyyatdan keçirlər. Qeydiyyatdan keçdikdən sonra həkim tərəfindən onlara tibbi baxış keçirilir, bədən hərarəti yoxlanılır, COVID-19 xəstəliyini keçirib-keçirməməsi, əks göstərişlərin olub-olmaması müəyyənləşdirilir.
Xatırladaq ki, təlimata görə, son 6 ay ərzində xəstəliyi keçirənlərə peyvənd vurulmur. Hər hansı bir əks-göstərişi olmayanlar peyvənd vurulma otağına daxil olurlar. Burada onları peyvənd qrupları qarşılayır. Aseptika və antiseptika qaydaları gözlənilməklə və soyuq zəncir prinsiplərinə əməl edilərək saxlanılmış peyvənd vurulur. Vaksinasiya olunmuş şəxs xüsusi ayrılmış palatada 30 dəqiqə ərzində müşahidədə saxlanılır, hər hansı bir ciddi əlamət müşahidə edilməzsə, evə yaxud xidmət yerinə buraxılır.
Silahlı Qüvvələrin Baş Klinik Hospitalında COVID-19 xəstəliyinin diaqnostikası üçün müasir standartlara cavab verən laboratoriya təşkil olunub. Laboratoriya bütün lazımi avadanlıq və cihazlarla təchiz edilib. Burada xaricdə təhsil almış, eləcə də treninqlər keçmiş tibb işçiləri çalışırlar. COVID-19 xəstəliyinə şübhəli olanlar laboratoriyanın xüsusi girişində yaradılmış nümunələrin götürülməsi sektorunda qeydiyyata alınır və əsnək və burundan yaxmalar götürülür. Nümunələr işləndikdən sonra “Real-Time PZR” aparatına yerləşdirilir. Nəticələr oxunduqdan sonra müvafiq elektron portala daxil edilir.
Silahlı Qüvvələrin baş sanitar həkimi, tibb üzrə fəlsəfə doktoru, tibb xidməti polkovnik-leytenantı Surxay Məmmədovun sözlərinə görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənov Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli 48s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın icrasının təmin edilməsi barədə əmr imzalayıb, Azərbaycan ordusunda COVID-19 xəstəliyi əleyhinə könüllülük prinsipi əsasında peyvəndləmə işlərinə başlanılıb. Vaksinasiya Strategiyasına uyğun olaraq, ilk növbədə, risk qruplarına peyvənd vurulur. Vaksinasiyanın həyata keçirilməsi üçün Bakı qarnizonu üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, işğaldan azad olunmuş ərazilərdə və digər yerlərdə yerləşən müvafiq hospitallarda həkimlər və tibb bacılarından ibarət peyvənd qrupları təşkil olunub, bütün lazımi şərait yaradılıb.
“Məhz Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın daimi diqqət və qayğısı, Ordu rəhbərliyinin ciddi tələbkarlığı, eləcə də hərbi həkimlərin fədakarlığı sayəsində Azərbaycan ordusunun epidemiya əleyhinə təminatı yüksək səviyyədə təşkil olunub. Belə ki, nə 44 günlük Vətən müharibəsinin gedişində, nə də ondan sonrakı dövrdə nəinki COVID-19, eləcə də digər yoluxucu xəstəliklərlə kütləvi xəstələnmə halları qeydə alınmayıb. Həyata keçirilmiş epidemiya əleyhinə effektli tədbirlərin nəticəsidir ki, hazırda Azərbaycan ordusunda COVID-19 xəstəliyinə görə epidemioloji vəziyyət stabil və qənaətbəxşdir”, - deyə S.Məmmədov bildirib.