İQTİSADİYYAT
Bu həftə mənzillərin səyyar qeydiyyatı xidmətləri Nəsimi və Nərimanov rayonlarında göstəriləcək
Bakı, 16 sentyabr, AZƏRTAC
Mənzillərin səyyar qeydiyyatı xidmətləri bu həftə Nəsimi və Nərimanov rayonlarında göstəriləcək.
Əmlak Məsələləri Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin bu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanına uyğun olaraq, komitə tərəfindən Bakı və digər şəhərlərdəki mənzillərin dövlət qeydiyyatına alınması sürətlə həyata keçirilir. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası ilə mənzil sahibləri qeydiyyat xidmətlərindən birbaşa yaşadıqları ünvanda faydalanırlar. Bu vaxta qənaəti təmin edir, eyni zamanda, daha çox vətəndaşın xidmətlərdən yararlanmasına şərait yaradır.
Səyyar qeydiyyat kampaniyası sentyabrın 16-20-də paytaxtın Nəsimi və Nərimanov rayonlarındakı çoxmənzilli binalarda keçiriləcək. Həftə üzrə səyyar aksiya 5 çoxmərtəbəli bina üzrə 900-dək mənzili əhatə edəcək.
Kampaniya sentyabrın 16-da Ceyhun Hacıbəyli, 40 ünvanındakı 18 mərtəbəli 141 mənzilli binada, sentyabrın 17-də Nəcəf Nərimanov, 14 ünvanında 13 mərtəbəli 140 mənzilli binada təşkil ediləcək.
Səyyar aksiya çərçivəsində Nəsimi rayonu üzrə sentyabrın 18-i 324 məhəllə, B.Səfəroğlu, 183 ünvanında 14 mərtəbəli, 60 mənzilli binada, ayın 19-u Rüstəm Qasımov, X.Şuşinski 968 məhəllədə 17 mərtəbəli, 235 mənzilli binada, sentyabrın 20-də isə Ceyhun Səlimov, 3004 ünvanındakı 16 mərtəbəli, 320 mənzilli yaşayış binasında vətəndaşlara xidmət göstəriləcək.
Vətəndaşlar qeydiyyat xidmətlərindən istifadə etmək üçün saat 09:00-dan 17:00-dək şəxsiyyət vəsiqəsi, maliyyə arayışı, protokoldan çıxarış kimi ilkin sənədlər ilə birgə binanın həyətindəki səyyar avtobusa yaxınlaşa bilər. Mənzillərin dövlət qeydiyyatına alınması xidmətlərinin göstərilməsi ilə yanaşı, səyyar aksiya zamanı vətəndaşlara hüquqi məsləhətlər verilir. Elektron çıxarışın əldə edilməsi, xidmət üçün tələb olunan sənədlər, xidmət haqqı və dövlət rüsumu barədə suallar cavablandırılır.