CƏMİYYƏT


Bu il 3097 şəhidin 4190 vərəsəsi 11 min manat məbləğində birdəfəlik ödəmə ilə təmin edilib

Bakı, 29 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanı mühüm sosial əhəmiyyət kəsb edən sənəd olmaqla, ölkəmizdə şəhid ailələrinin rifah halının yaxşılaşdırılmasında daha bir mühüm addımın atılmasına səbəb olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatını nəzərdə tutan Fərmanın icrası olaraq müvafiq işlər davam edir.

İndiyədək 3097 şəhidin 4190 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul olunub və onların hər birinin bank hesabına müvafiq vəsaitin köçürülməsi təmin edilib. Ümumilikdə 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub.

Eyni zamanda, dövlət başçısının həmin Fərmanının icrası işləri şəffaf, həmçinin vərəsələr üçün rahat müraciət prosedurunu nəzərdə tutan mexanizm üzərində qurulub. Vərəsələr yalnız notariat kontorlarına müraciət edir, aidiyyəti sənədləri təqdim edərək vərəsəlik şəhadətnaməsi alır. Bundan sonra notariat kontorları tərəfindən müvafiq sənədlər elektron şəkildə nazirliyin informasiya sisteminə ötürülür. Növbəlilik qaydasında sənədlərə baxılaraq qərar qəbul olunur, daha sonda ödəniş vərəsənin bank hesabına köçürülür və bundan sonra vərəsəyə bu barədə SMS vasitəsilə bildiriş göndərilir.

Digər şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı 2019-cu il ərzində yekunlaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.