İQTİSADİYYAT
Bu il Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün inşasına başlanması planlaşdırılıb
Bakı, 14 yanvar, AZƏRTAC
Bu il Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün inşasına başlanması planlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş Nazirin müavini Şahin Mustafayev Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə deyib.
“Qonşu ölkələrdən İranla da ticarət dövriyyəmizdə və ümumiyyətlə, digər sahələrdə önəmli nəticələr əldə olunub. İranla ticarət dövriyyəsində 30 faizdən yuxarı artım olub. Dünyada gedən proseslər, bölgədə olan mürəkkəb vəziyyət və digər problemlər fonunda bu nəticələrin əldə olunması, doğrudan da Azərbaycan üçün böyük nailiyyətdir və aparılan siyasətin bariz göstəricisidir. Eyni zamanda, Azərbaycan Rusiya və İran vasitəsilə “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişaf etdirilməsi istiqamətində önəmli işlər həyata keçirir. Artıq avtomagistral yollar inşa olunur, dəmir yolu təmir olunur. Azərbaycan öz ərazisində işlərin böyük hissəsini artıq başa çatdırıb və yaxud başa çatdırmaq üzrədir. Bu il Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün inşasına başlamaq planlaşdırılıb. Gələn il o körpünün də tikintisi başa çatacaq. Bakıdan Rusiya Federasiyası sərhədinə qədər olan magistral yolun tikintisi gələn il başa çatdıqda, bu, Azərbaycan ərazisindən yük avtomobillərinin keçidi baxımından təxminən iki dəfəyədək vaxt itkisinin azalmasına gətirib çıxaracaq. Beləliklə, Azərbaycan bölgədə “Şimal-Cənub”, “Şimal-Qərb”, “Cənub-Qərb” istiqamətində yük avtomobillərinin hərəkəti üçün ən əlverişli şərait yaratmış olacaq”, - deyə Ş.Mustafayev qeyd edib.