İQTİSADİYYAT
Bu il “Azexport.az” portalına 399,3 milyon dollarlıq ixrac sifarişləri daxil olub
Bakı, 27 sentyabr, AZƏRTAC
Cari ilin yanvar-avqust aylarında “Azexport.az” portalına 399,3 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın sentyabr sayına istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında ixrac sifarişləri 8,8 faiz artıb. Bu ilin avqustunda isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 52,7 milyon dollar təşkil edib və ötən ilin eyni ayı ilə müqayisədə 2,3 faizlik artım qeydə alınıb. Cari ilin yanvar-avqust aylarında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (11,4 faiz), Türkiyə (5,8 faiz), ABŞ (5,8 faiz), Hindistan (5,5 faiz) və İngiltərə (5,2 faiz) qərarlaşıb.
Bu ilin avqust ayında “Azexport.az” portalına ən çox ixrac sifarişi pambıq məhsulları, tütün, şərab, toyuq əti, yumurta, soğan, meyvə şirəsi, qənnadı məhsulları, tikinti materialı, xiyar, çay, qurudulmuş meyvə, zəfəran, bal, meyvə tamlı süd, qablaşdırılmış mineral su, mühərrik yağı, mebel dəsti, gül və sair mallara daxil olub.
2017-ci ilin yanvarından bu il avqustun 31-dək (32 ay ərzində) “Azexport.az” portalına 136 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 388 milyon dollar təşkil edib.