İQTİSADİYYAT
Bu il “Azneft” İB üzrə 72 quyunun qazılması nəzərdə tutulur
Bakı, 3 avqust, AZƏRTAC
Bu il “Azneft” İstehsalat Birliyi (İB) üzrə 72 quyunun qazılması planlaşdırılır.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azneft” İB-də cari ilin birinci yarısı üzrə istehsalat göstəriciləri müzakirə olunub. Birliyin Baş direktorunun qazma, quyuların təmiri və nəqliyyat işləri üzrə müavini Rüstəm Zeynalov həyata keçirilən qazma işləri haqqında məlumat verib. Bildirib ki, cari ilin əvvəlindən 34 quyuda qazma işlərinə başlanılıb, 26 quyuda qazma işləri yekunlaşıb, 28 quyu isə tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib. O, 2016-cı ildə 72 quyunun qazılmasının nəzərdə tutulduğunu qeyd edib.
Kapital qoyuluşları və layihələrin idarə olunması barədə məlumat verən Baş direktorun tikinti işləri üzrə müavini Əlimusa Quliyev bu il ərzində 204 obyektdə cari, 15 obyektdə isə əsaslı təmir işlərinin həyata keçirildiyini deyib, 9 özüldə tikinti işlərinin davam etdirildiyini söyləyib.
Əməyin mühafizəsi üzrə Baş direktorun müavini Cəlair Səmədov istehsalat obyektlərində əməyin mühafizəsi sahəsində görülmüş işlərdən söz açıb, işçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, maarifləndirmə işlərindən danışıb. O, neftçilərin təhlükəsizliyinin təmin olunmasının birlik üçün ən vacib amillərdən biri olduğunu vurğulayıb.
“Azneft” İB-nin Baş direktoru Daşqın İskəndərov neft-qaz hasilatının artırılması üçün bütün sahələrdə tətbiq edilən yeni metodların əhəmiyyətini vurğulayıb. O, qazma, tikinti və texniki təhlükəsizlik sahələrində mütəmadi olaraq tədqiqatlar aparılmasının vacibliyini, birlik tərəfindən qazma prosesinə nəzarət olunması üçün obyektlərə təyin olunmuş mütəxəssislərin keyfiyyətli quyu təhvil alınmasında böyük rol oynayacağına ümidvar olduğunu bildirib. Baş direktor texniki təhlükəsizlik baxımından istehsalat sahələrinin mütəmadi yoxlanılmasının vacibliyini, həmçinin bu ilin sonuna kimi işçilərin fəaliyyətinin qiymətləndiriləcəyini və bu qiymətləndirmə əsasında karyera yüksəlişinin mümkün olacağını qeyd edib. D.İskəndərov hər bir işçi barəsində məlumat bazasının yaradılacağını, il ərzində işçilərin performans dərəcələndirilməsinin aparılacağını söyləyib.