REGİONLAR
Bu il Balakəndə suvarma kanalları vasitəsilə torpaq sahələrinə 19 milyon kubmetr su verilib
Balakən, 14 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Meliorasiya və Su Təsərrüfatı ASC-nin Balakən rayon Suvarma Sistemləri İdarəsinin balansında 6823 hektar suvarılan torpaq sahəsi var. Bu torpaqların 2830 hektarı əkin sahəsi, 2201 hektarı həyətyanı sahə, 1792 hektarı isə çoxillik əkmələrdir. Cari ilin ötən dövrü ərzində idarə tərəfindən torpaq sahələrinin suvarılması üçün 19 milyon kubmetr suyun verilməsi təmin edilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən rayon Suvarma Sistemləri İdarəsindən məlumat verilib.
Qurumdan bildiriblər ki, suvarma əsasən, dağ çaylarından gələn suların hesabına öz axını ilə həyata keçirilir. Bundan əlavə, əkin sahələrinin suvarılması üçün artezian və subartezian quyularından da istifadə olunur. Əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün rayonda 203,8 kilometr uzunluğunda suvarma kanalları fəaliyyət göstərir. Bu kanalların 39,9 kilometri təsərrüfatlararası, 163,9 kilometri isə daxili kanallardır. Bundan əlavə, rayonda 61 ədəd subartezian quyusu ilə 1141 hektar, 75 artezian quyusu ilə isə 351 hektar ərazinin suvarılması təmin edilir. İdarə tərəfindən cari ilin ötən dövrü ərzində suvarma kanallarında 200,1 min kubmetr həcmində lildən təmizləmə işləri aparılıb.