REGİONLAR
Bu il Oğuzda 300 hektarda yeni fındıq bağları salınacaq
Oğuz, 30 mart, Mustafa Dadaşov, AZƏRTAC
Dövlətimizin başçısının fındıqçılığın daha da inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə son illər Oğuz rayonunda da davamlı iş aparılır. Belə ki, təkcə ötən il rayon ərazisində dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid torpaq sahələrində 322 hektarda yeni fındıq bağları salınıb. Cari ildə fındıq bağlarının sahəsinin daha 300 hektar artırılması nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.
Qurum rəsmisi bildirib ki, hazırda rayonda 3 min 695,5 hektar fındıq bağları var. Bu bağların 1 min 703 hektarı son üç ildə salınıb. Ötən il fındıq bağlarından 1 min 106 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 203 ton artıb.