REGİONLAR
Bu il Oğuzun kəndlərində daha 12 ədəd tütünqurutma kamerası quraşdırılacaq
Oğuz, 10 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Tütün istehsalçılarının işini asanlaşdırmaq məqsədilə 2018-ci ildə Oğuz rayonunun Bucaq kəndində 10, Bayan kəndində isə 23 ədəd tütünqurutma kamerası quraşdırılaraq fermerlərin istifadəsinə verilib. Tələbatı nəzərə alaraq, bu il Bucaq kəndində əlavə olaraq 10, Bayanda isə 2 ədəd tütünqurutma kamerasının quraşdırılması nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Tütünqurutma kameralarının quraşdırılması fermerlərin ürəyincədir. Bucaq kəndindən olan fermer Məzahir Həmidov uzun illər fasilədən sonra iki ildir ki, yenidən tütünçülüklə məşğuldur. O, 2017-ci ildə 3 hektar, 2018-ci ildə isə 10 hektar sahədə tütün yetişdirib. Fermer ötən il sahələrdən 50 ton yaşıl tütün kütləsi yığıb, eyni zamanda, 20 ton quru tütün istehsal edib. İstehsalçı tədarük etdiyi yaşıl tütünün 16 tonunu kameraların köməyi ilə qurudub.
Tütünqurutma kameralarının quraşdırılmasının fermerlərin işini xeyli asanlaşdırdığını vurğulayan Məzahir Həmidov AZƏRTAC-ın bölgə müxbirinə deyib: “Əvvəllər yetişdirdiyimiz yaşıl tütün kütləsini qurutmaq üçün uzaq məsafə qət edərək qonşu rayonlarda fəaliyyət göstərən emal məntəqələrinə aparmaq məcburiyyətində qalırdıq. Bu isə əlavə vaxt itkisinə, artıq xərclərə və məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olurdu. Cari ildə Bucaq kəndində daha 10 ədəd tütünqurutma kamerasının quraşdırılması işimizi daha da yüngülləşdirəcək”.
Xatırladaq ki, 2018-ci ildə Oğuz rayonunda 377,4 ton quru tütün istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 88 ton artıb.