REGİONLAR
Bu il Saatlıda 5 ton barama istehsalı planlaşdırılır
Saatlı, 7 iyun, Mahir Babayev, AZƏRTAC
Saatlıda ikinci ildir ki, ipəkqurdu bəslənilir. Dövlətimizin başçısının ölkədə baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Saatlıda da müvəffəqiyyətlə icra olunur. Baramaçılığın inkişafında əsas amil olan yem bazasının möhkəmləndirilməsi məqsədilə son iki ildə rayonun ayrı-ayrı yaşayış məntəqələrində 60 min tut tingi əkilib, bir neçə yaşayış məntəqəsində müasir kümxana tikilib və digər zəruri tədbirlər görülür.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il rayonda 5 ton barama istehsalı nəzərdə tutulub. Bunun üçün 130 qutu (2 min 470 qram) barama qurdu toxumu gətirilərək Saatlı şəhər, Azadkənd, Əliabad və digər kəndlərdə kümçülərə paylanılıb.
Artıq bir neçə gündür ki, rayonda barama tədarükünə başlanılıb. Kümçülər bəslədikləri ipəkqurdlarından əldə etdikləri məhsulu “Şəki-İpək” ASC-yə təhvil verirlər. Bu günədək tədarük məntəqəsinə 273 kiloqram barama təhvil verilib ki, bunun da yarıdan çoxunu Azadkənd kəndinin baramaçıları istehsal edib.
Azadkənd kənd sakini Tənzilə Qocayeva bu mövsüm 2 qutu ipəkqurdu toxumu götürərək bəsləyir. Kümçü deyib: “Digər kümçülər kimi mən də ötən ildən ipəkqurdu bəsləyirəm. İlk vaxtlar çətinliklərim olsa da, mütəxəssislərdən öyrəndiklərimi tətbiq etməklə işi sahmana saldım və yaxşı nəticə əldə etdim. Ötənilki uğurdan ruhlanaraq bu il 2 qutu ipəkqurdu toxumu götürüb bəsləmişəm. İpəkqurdlarına yaxşı qulluq etdiyimdən məhsul gözlədiyimdən də çox olub. Bu günə kimi tədarük məntəqəsinə 119 kiloqram barama təhvil vermişəm. Hələ kümxanada məhsul çoxdur. Hesablamama görə, bundan sonra daha 120-125 kiloqram barama təhvil verə biləcəm”.
Qeyd edək ki, bu il Saatlıda 33 ailə ipəkqurdu bəsləyir.