REGİONLAR
Bu il muxtar respublikanın ümumtəhsil məktəblərini bitirən məzunlardan 13-ü qızıl, 11-i gümüş medala layiq görülüb
Naxçıvan, 24 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində 2017-2018-ci tədris ilində məktəbi xüsusi nailiyyətlərlə başa vuran məzunlara qızıl və gümüş medalların təqdimatı olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən təhsil naziri Rəhman Məmmədov qızıl və gümüş medallarla təltif olunan məzunları təbrik edərək, muxtar respublikada təhsilin inkişafı istiqamətində görülən işlərdən, yaradılan şəraitdən danışıb.
Rəhman Məmmədov bildirib ki, muxtar respublikada bütün sahələr kimi, təhsil də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə əhatə olunub. Bunun nəticəsidir ki, ötən dövrdə 200-dən çox təhsil müəssisəsi üçün binalar istifadəyə verilib, onların maddi-texniki bazası möhkəmləndirilib, məktəblər ən müasir informasiya texnologiyaları, o cümlədən kompüter və elektron lövhələrlə təchiz edilib. Həmçinin elektron təhsilin tətbiqi, təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılması, tədrisin əyaniliyi və səmərəliliyinin artırılması da diqqətdə saxlanılıb. Hazırda da bu sahədə işlər davam etdirilir.
Nazir qeyd edib ki, muxtar respublikada aparılan dövlət siyasəti nəticəsində ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunda ilbəil artım müşahidə olunur. 2017-2018-ci tədris ili üzrə ali məktəblərə qəbul olan məzunların 331-i imtahanlarda daha yüksək nəticə göstərərək 500-700 arası bal toplayıb.
Rəhman Məmmədov deyib: Mövcud qaydalara əsasən, ümumtəhsil məktəblərində təhsil aldığı müddətdə nümunəvi davranışı ilə seçilən, təhsili xüsusi nailiyyətlərlə başa vuran şagirdlər qızıl və ya gümüş medalla təltif olunur, onların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılır. Bu il də muxtar respublikanın ümumtəhsil məktəblərini bitirən məzunlardan 13-ü qızıl, 11-i gümüş medala, 151-i isə fərqlənmə attestatına layiq görülüb. Həmin məzunlar onlara göstərilən etimadı doğruldub, ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında yüksək bal toplayıblar.
Təqdimat mərasimində qızıl və gümüş medallarla təltif olunan məzunlar adından çıxış edən Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin məzunu Zöhrə Kəngərli və Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbin məzunu Elvariz Məmmədov yüksək uğur qazanmalarında muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının və yaradılan müasir təhsil infrastrukturunun böyük rol oynadığını qeyd edib, yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə məzunlar adından minnətdarlıqlarını bildiriblər.
Sonra Naxçıvan Muxtar Respublikasının təhsil naziri ümumtəhsil məktəblərini xüsusi nailiyyətlərlə bitirən məzunlara medalları təqdim edib.