CƏMİYYƏT


Bu il ölkəmizin 56 rayon və şəhərində əmək yarmarkalarının keçirilməsi nəzərdə tutulur

Bakı, 16 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti bu il ölkəmizin 56 rayon və şəhərində əmək yarmarkalarının keçirilməsini planlaşdırır.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədinə yönələn həmin aktiv məşğulluq tədbirlərinin təşkili ilə əlaqədar işəgötürənlərlə əməkdaşlıq şəraitində müvafiq hazırlıq işləri aparılır.

Yarmarkalar zamanı müvafiq rayon və ya şəhər üzrə idarə, müəssisə və təşkilatlarda olan boş (vakant) iş yerləri işaxtaran və işsiz vətəndaşlara təklif olunacaq, onlara seçdikləri və peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun vakant iş yerlərinə göndərişlər veriləcək. Eyni zamanda, peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılacaq.

Dövlət Məşğulluq Xidmətinin Əmək Birjalarının fəaliyyət göstərdiyi şəhərlərdə keçirilən əmək yarmarkalarında isə müvəqqəti xarakterli işlərlə təmin olunmaq istəyənlər üçün həmin Birjaların iştirakı təmin ediləcək.

Bu il ölkəmizin təxminən 10 ali təhsil müəssisəsində tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirlərinin təşkili nəzərdə tutulub.

Xatırladaq ki, ötən il respublikamızın rayon və şəhərlərində keçirilən əmək yarmarkaları zamanı vakant iş yerlərinə göndəriş verilənlərdən 90 faizə qədəri işlə təmin olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.