CƏMİYYƏT
Bu ilin doqquz ayında dini etiqad azadlığı haqqında qanunvericiliyin tələblərini pozmuş 172 nəfər müəyyənləşdirilib
Bakı, 2 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Dini etiqad azadlığı haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələrin icrasını təmin etmək, dini təyinatlı ədəbiyyatın, audio və videomaterialların, digər dini məzmunlu materialların müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılmasının qarşısının alınması məqsədilə mütəmadi olaraq birgə tədbirlər həyata keçirir.
Cari ilin doqquz ayı ərzində dini qurumların yaradılması və fəaliyyət qaydasını, eləcə də dini etiqad azadlığı haqqında qanunvericiliyin tələblərini pozmuş 172 nəfər müəyyənləşdirilib. Onlardan 2148 dini təyinatlı ədəbiyyat, 250 CD və DVD, 127 broşür götürülüb.
Təkcə cari ilin oktyabrında Qaradağ rayonu ərazisindəki “Sədərək” ticarət mərkəzində fəaliyyət göstərən beş mağazada və Yasamal rayonunda yerləşən bir mağazada satışına razılıq verilməmiş və nəzarət markası ilə markalanmamış 303 dini təyinatlı ədəbiyyat, 7 CD və DVD aşkar edilərək götürülüb.
Eyni zamanda, Yasamal rayonundakı daha 4 mağazanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı olmadan fəaliyyət göstərməsi də müəyyən edilib.
Həmin mağazaların məsul şəxsləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, inzibati məsuliyyətə cəlb olunublar. Bu istiqamətdə tədbirlər davam etdirilir.