ELM VƏ TƏHSİL


Buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı elmi-metodiki seminarlara başlanılıb

Bakı, 3 oktyabr, AZƏRTAC

Yeni təhsil proqramları (kurikulumlar) əsasında buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı materialların hazırlanmasına və müzakirəsinə dair müvafiq fənlər üzrə elmi-metodiki seminarlar bu gündən fəaliyyətə başlayıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildiriblər ki, ilk seminar fizika fənni üzrə keçirilib. Seminarda DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Mərkəzin məsul şəxsləri, Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər. Seminarda, həmçinin Azərbaycan Respublikasının Təhsil İnstitutu direktorunun müavini Ənvər Abbasov və Tədris Resursları Mərkəzinin direktoru Zaur İsayev iştirak ediblər.

Seminarın gündəliyinə 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli, DİM-in otk.az saytında yerləşdirilmiş layihələri (Məktəb dərsliklərinin mövzuları üzrə sınaq imtahanları, “Abituriyent” jurnalının 2018-ci ildə nəşr etdiyi Test toplularındakı test tapşırıqlarından ibarət mövzular və bütövlükdə bölmələr üzrə sınaq imtahanları), fizika fənnindən ali təhsil müəssisələrinə qəbul imtahanı proqramının müzakirəsi və təsdiqi məsələlərinin müzakirəsi daxil edilib.

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə çıxış edərək hələ 1990-cı illərin birinci yarısında ilk seminarların təşkil edilməsini və onların əhəmiyyətini xatırladıb. O deyib: “1992-1993-cü illərdə imtahanların məzmunu yalnız bu işə cəlb olunmuş bir neçə ekspertin fikrini ifadə edirdi. Odur ki, TQDK-nın (indi DİM) qarşısında duran əsas vəzifələrdən biri də ali təhsil almağa layiq abituriyentlərin seçilməsini təmin edən dövlət standartlarını yaratmaq idi. Bu məqsədlə 1994-cü ildən etibarən ekspert qrupları yaradıldı, elmi-metodiki seminarlar təşkil olundu. Ümumtəhsil və ali məktəb müəllimlərinin, AMEA-nın əməkdaşlarının dəvət olunduğu bu seminarlarda müasir testologiyanın elmi əsasları öyrənilir, testlər tərtib edilir, müxtəlif mövzular ətrafında müzakirələr aparılırdı”. Həmin seminarların öz fəaliyyətini bu gün də uğurla davam etdirdiyini bildirən M.Abbaszadə daha sonra 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli ilə bağlı iştirakçıları məlumatlandırıb, onların suallarını cavablandırıb.

Sonra DİM-in əməkdaşı İ.Cəfərov qeyd olunan layihələr haqqında məlumat verib, onların təyinatını izah edib və internetdə əyani olaraq qeydiyyat və digər prosesləri nümayiş etdirib.

Seminarın rəhbəri professor M.Musayev 2019-cu ilin qəbul imtahanında fizika fənnindən mənimsənilmə səviyyəsi yoxlanıla bilən alt standartlar haqqında məlumat verib, proqramı müzakirəyə təqdim edib. Müzakirələr nəticəsində qəbul proqramı təsdiq olunub.

Seminar internet vasitəsi ilə canlı yayımlanıb. Qəbul proqramı yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.