MƏDƏNİYYƏT
Bursada Fikrət Əmirovun 100 illiyinə həsr olunan möhtəşəm konsert keçirilib VİDEO
Bursa, 3 noyabr, AZƏRTAC
Türkiyənin Bursa şəhərində böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə möhtəşəm konsert proqramı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, “Qorqud Ata” (Dədə Qorqud) Türk Dünyası Film Festivalı çərçivəsində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət Baş İdarəsi tərəfindən təşkil olunan konsert Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə baş tutub.
Konsertdə Bursa Regional Dövlət Simfonik Orkestrini görkəmli pianoçu Gökhan Aybulus müşayiət edib.
Tanınmış ifaçı Zeynəb Soybərk konsertmeyster olub.
Girişdəki ifalardan sonra konsertdə Fikrət Əmirovun “Nəsimi dastanı” baletindən “Cəlladların rəqsi”, “Nəsiminin monoloqu”, “Nəsimi və sevgilisinin birinci dueti”, “Qızların Nəsimi və sevgilisi ilə rəqsi”, “Hücum”, “Qızların kədəri”, “Nəsimi və sevgilisinin ikinci dueti”, “Nəsiminin üsyanı”, “Savaş” və “Əbədilik” səhnələrinin musiqiləri solunda alqışlarla qarşılanıb.
Bursada keçirilən konsert musiqisevərlərə xoş anlar yaşadıb.
Xatırladaq ki, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası (TÜRKSOY) tərəfindən 2022-ci il görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə “Fikrət Əmirov ili” elan olunub. Bu münasibətlər TÜRKSOY-un təşkil etdiyi “23-cü Opera Günləri” Fikrət Əmirova həsr olunub və cari il ərzində bir sıra şəhərlərdə möhtəşəm konsertlər təşkil edilib. “23-cü Opera Günləri” çərçivəsində təşkil olunan konsert proqramlarında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Respublikası və Şimali Makedoniyadan ifaçılar, musiqi icmaları çıxış edirlər.
Qeyd edək ki, Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı 2022-ci il 15 mart tarixli Sərəncamı əsasında görkəmli bəstəkarın yaradıcılığının təbliği və təşviqi istiqamətində Azərbaycanda, bir sıra digər ölkələrdə, eləcə də beynəlxalq təşkilatlarda həyata keçirilən mühüm əhəmiyyətli mədəniyyət layihələri davam etməkdədir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Bursa