İDMAN
“Bursaspor” millimizin üzvü Namik Ələskərovla müqaviləyə xitam verəcək
Bakı, 16 may, AZƏRTAC
Türkiyənin “Bursaspor” futbol klubu millimizin üzvü Namik Ələskərovla müqaviləyə xitam verəcək.
AZƏRTAC xəbər verir ki, bunu Bursa təmsilçisinin prezidenti Ömər Furkan Banaz mayın 16-da mətbuat konfransında açıqlayıb.
O, komandanın Birinci liqanı tərk etməsinə görə əcnəbi futbolçularının hamısı ilə yollarını ayıracaqlarını bildirib: “Müqaviləsi davam edən 7 əcnəbimiz var. İki gün ərzində bu məsələni müzakirə edəcəyik. “Bursaspor”un mənafeyinə uyğun ən yaxşı şəkildə onlarla müqavilələri ləğv edəcəyik”.
Mövsümün sonuna 1 tur qalmış “Bursaspor”un aşağı liqaya düşməsi rəsmiləşib. Reqlamentə görə, 2-ci liqada əcnəbi futbolçu oynaya bilməz. Buna görə də N.Ələskərovun “Bursaspor”dan ayrılacağı dəqiq idi.
Qeyd edək ki, ötən ildən “Bursaspor”da çıxış edən futbolçumuz Birinci liqada 32 oyuna 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Bursa təmsilçisi ilə 2023-cü ilin yayınadək müqaviləsi var.