MƏDƏNİYYƏT
CARİ İLDƏ AZƏRBAYCANA GƏLƏN TURİSTLƏRİN SAYI ARTMIŞDIR
Bakı, 19 sentyabr (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyinin daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov AZƏRTAC-a bildirmişdir ki, 2010-cu ilin yay mövsümündə Azərbaycanın daxili turizm bazarında 15 faiz artım olmuşdur.
Başa çatmaqda olan mövsümdə daha çox Quba-Xaçmaz, Şəki, Qəbələ-İsmayıllı bölgələrinə turist axını müşahidə edilmişdir. Bunun səbəbi sözügedən istiqamətdə yol infrastrukturunun yenilənməsi, məsafənin az olması, həmin bölgələrdə əvvəlki illərə nisbətən turizm xidməti infrastrukturunun yaxşılaşması və genişlənməsi, eyni zamanda, turizm obyektlərində göstərilən xidmətin müxtəlifliyi və çeşidliliyidir.
M.Qəhrəmanov bildirmişdir ki, cari ilin ötən dövründə nazirliyin əməkdaşları tərəfindən cənub, şimal, şimal-qərb bölgələri daxil olmaqla 120-dən çox turizm obyektinə baxış keçirilmişdir. Baxış zamanı mövcud problemlər araşdırılmış və onların aradan qaldırılması üçün təkliflər verilmişdir. Lisenziyasız fəaliyyət göstərən obyektlərlə bağlı Vergilər Nazirliyinə müraciət edilmişdir.
Ölkəmizə gələn turistlərin sayının ildən-ilə artdığını deyən Mahir Qəhrəmanov vurğulamışdır ki, son dövrlər Azərbaycanda reallaşdırılan infrastruktur layihələri, Bakıda beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, dünyanın müxtəlif yerlərində təşkil olunan sərgilərdə və tədbirlərdə ölkəmizin yüksək səviyyədə təbliğ edilməsi bu müsbət tendensiyanın başlıca səbəbidir.