İQTİSADİYYAT
“ÇİRKLƏNMİŞ TORPAQLARIN BƏRPASI – TƏKLİF OLUNAN ÜSULLAR” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLƏCƏKDİR
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, noyabrın 3-4-də ARDNŞ-in Ekologiya İdarəsi tərəfindən “Çirklənmiş torpaqların bərpası – təklif olunan üsullar” mövzusunda seminar keçiriləcəkdir. Seminarda neftlə çirklənmiş torpaqların bərpa olunmasında ARDNŞ-in gördüyü işlər haqqında ətraflı məlumat veriləcək, çirklənmiş torpaqların bərpa olunması üçün təklif edilən müxtəlif texnologiyaların elmi əsaslandırılması və tətbiq olunmasının mümkünlüyü müzakirə ediləcək, bu sahədə müxtəlif ölkələrin təcrübəsindən və qabaqcıl texnologiyalardan istifadə məsələləri ətrafında fikir mübadiləsi aparılacaqdır. Eyni zamanda, ölkənin müvafiq elmi-tədqiqat institutlarının, nazirliklərinin, komitə və qeyri-hökumət təşkilatlarının rəy və təkliflərinin öyrənilməsi üçün dinləmələrin keçirilməsi, maraq doğuran fikirlərin öyrənilməsi və tətbiq olunması məsələlərinin müzakirəsi nəzərdə tutulmuşdur.
Seminarda ARDNŞ mütəxəssislərinin, Milli Elmlər Akademiyasının, elmi-tədqiqat institutlarının, nazirliklərin, komitələrin, qeyri-hökumət təşkilatlarının, ziyalıların, xarici şirkətlərin nümayəndələrinin iştirakı gözlənilir.