CƏMİYYƏT
Çələbixan məcburi köçkün qəsəbəsinin sakinlərinə bayram sovqatları paylanılıb VİDEO
Bakı, 29 dekabr, AZƏRTAC
Dekabrın 29-da “Modern İnkişaf və Ailə” İctimai Birliyinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Şəki rayonunun Kiş bələdiyyəsi ərazisində salınmış Çələbixan məcburi köçkün qəsəbəsinin sakinlərinə bayram sovqatları paylanılıb.
Qəsəbənin Mədəniyyət evində baş tutan görüşdə “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva bayram münasibətilə tədbir iştirakçılarını təbrik edib, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışıb. O, bu əlamətdar günün tarixə düşməsinin məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu və Azərbaycan xalqı tərəfindən böyük qürurla qeyd edildiyini vurğulayıb. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən Zərifə Quliyeva dövlətimizin başçısı tərəfindən aparılan uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızın daha da inkişaf etdiyini, beynəlxalq aləmdə söz sahibi olan bir ölkəyə çevrildiyini vurğulayıb.
Dövlətimizin hər zaman qaçqın və məcburi köçkünlərlə bağlı məsələlərə həssaslıqla yanaşdığı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı ilə yanaşdığı qeyd edilib. Bildirilib ki, Mehriban xanımın Birinci vitse-prezident təyin olunmasından sonra ilk iclasını məhz məcburi köçkünlərə həsr etməsi onun bu zümrədən olan insanlara verdiyi dəyərin bariz nümunəsidir.
Məcburi köçkünlər onlara göstərilən yüksək diqqətə görə dövlətimizə minnətdarlıqlarını ifadə ediblər. Bildirilib ki, Çələbixan məcburi köçkün qəsəbəsinin əhalisi dövlətçiliyə, Azərbaycan Prezidentinə həmişə sadiqdirlər. Onlar işğal altındakı torpaqlarımızın Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində tezliklə geri qaytarılacağına ürəkdən inanırlar.
Sonda qəsəbədə Laçın, Ağdam, Kəlbəcər, Şuşa, Xocalı və Cəbrayıl rayonlarından olan 100 ailəyə bayram sovqatları təqdim edilib.