İQTİSADİYYAT
Çex şirkətləri ilə nanotexnologiyalar sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib
Bakı, 8 may, AZƏRTAC
Çexiyanın Nanotexnologiyalar Assosiasiyasının məhsullarının təqdimatına dair videokonfrans keçirilib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildirilib ki, assosiasiyanın rəhbəri Jiri Kus qurumun əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Qeyd edilib ki, assosiasiyanın yaradılmasında əsas məqsəd tekstil sənayesi, biotexnologiya, optik və nanotexnologiya sahələrində fəaliyyət göstərən çex şirkətlərini bir araya gətirmək, həmin şirkətlərin tədqiqatlarını təqdim etmək, həmçinin tədqiqat və ticarət sahələri arasında əməkdaşlığın qurulmasına dəstək göstərməkdir.
AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev rəhbərlik etdiyi qurumun fəaliyyəti, Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması və satışının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib, Çexiyanın Nanotexnologiyalar Assosiasiyası ilə əlaqələrin qurulmasının əhəmiyyətini vurğulayıb.
Tədbirdə Nanotexnologiyalar Assosiasiyasının “Ağıllı şəhər”lər üçün tətbiq olunan nümunələri nümayiş olunub.
“ChezTrade”in Bakı ofisinin direktoru Pavel Zelenka çex iş adamlarının Azərbaycanın biznes mühitinə marağı və azərbaycanlı həmkarları ilə əməkdaşlıq potensialı barədə fikirlərini bölüşüb.
Videokonfransda hər iki qurum arasında əməkdaşlıq məsələləri müzakirələr edilib.