DÜNYA
Çexiya Slovakiya ilə sərhədə nəzarəti müvəqqəti olaraq bərpa edib
Bakı, 29 sentyabr, AZƏRTAC
Çexiya Slovakiyadan daxil olan qanunsuz mühacirlərin sayının kəskin artmasına görə sentyabrın 29-dan etibarən bu ölkə ilə quru sərhədlərinə nəzarəti müvəqqəti olaraq bərpa edib.
AZƏRTAC Avropa mediasına istinadla xəbər verir ki, Çexiya Daxili İşlər Nazirliyinin məlumatına əsasən, mühacirlərlə bağlı vəziyyət həll olunmasa, yoxlamalar növbəti 10 gün ərzində davam edəcək. Sərhəd nəzarəti polis və gömrük əməkdaşları tərəfindən həyata keçiriləcək. Yoxlamalar 27 sərhəd-keçid məntəqəsində aparılacaq, digər yollarla sərhədin keçidinə isə müvəqqəti qadağa tətbiq olunacaq.
Çexiyanın Baş naziri Petr Fiala Nazirlər Kabinetinin Slovakiya ilə quru sərhədlərində nəzarəti müvəqqəti bərpa etmək barədə qərarını çərşənbə axşamı günü elan edib.
İlin əvvəlindən bəri Çexiyada 11 min qanunsuz mühacir saxlanılıb ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 12 dəfə çoxdur. Qaçqınların böyük əksəriyyətini suriyalılar təşkil edib. Onlar Türkiyə vasitəsilə Avropa İttifaqının ərazisinə daxil olur, Slovakiya və Çexiyadan tranzit ölkə kimi istifadə edərək Almaniya və Qərbi Avropanın digər dövlətlərinə keçməyə çalışırlar.
Çexiyanın sərhəd nəzarətini bərpa etmək barədə qərarı Slovakiyanın Baş naziri Eduard Heger tərəfindən tənqidlə qarşılanıb. Onun fikrincə, bu addım Şengen sazişinin prinsiplərinə ziddir. Qeyri-leqal miqrasiyanın bütün Avropa İttifaqı üçün problemə çevrildiyini qeyd edən hökumət başçısının sözlərinə görə məsələ hamılıqla həll olunmalıdır.