İDMAN
Çexiyanın qızlardan ibarət basketbol komandası Avropa Gənclər Olimpiya Festivalının “B” qrupunun tək lideridir
Bakı, 23 iyul, AZƏRTAC
XV Avropa Gənclər Olimpiya Festivalında qızlar arasında basketbol üzrə yarışların ikinci gününün ikinci görüşü başa çatıb.
AZƏRTAC xəbər verir ki, Avropa-Azərbaycan Məktəbində keçirilən matçda “B” qrupunun liderləri – Çexiya və Macarıstan komandaları qarşılaşıblar. Yarışların birinci günü Macarıstan yığması böyük hesab fərqi ilə Polşa komandasına qalib gəlib. Çexiya basketbolçuları gərgin mübarizə şəraitində keçən görüşdə Türkiyə komandasını məğlubiyyətə uğradıblar.
Çexiya yığması birinci böyük fasiləyə rəqiblərini böyük hesab fərqi ilə (44:20) geridə qoyaraq çıxıb. Üçüncü hissədə macarıstanlı basketbolçuların hesab fərqini azaltmalarına baxmayaraq, bu, görüşün yekununa təsir göstərməyib: (21-16; 23-4; 16-25; 15-18). Beləliklə, qruplar arasında matçların sonuna bir tur qalmış Çexiya yığması “B” qrupunun tək lideri olub.
Qeyd edək ki, hazırda “A” qrupunda Fransa və Belçika basketbolçuları arasında matç keçirilir. Yarışların ikinci günü İtaliya və Rusiya komandalarının matçı ilə başa çatacaq.