REGİONLAR
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinin təşkilinə dair təlim təşkil olunub
Bakı, 13 iyun, AZƏRTAC
Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən Ceyrançöl ərazisində Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarının bitki mühafizəsi mütəxəssisləri, texniki heyət və fermerlər üçün “Çəyirtkəkimilərin idarə olunması və onlara qarşı mübarizədə tətbiq edilən pestisidlərin insanlara və ətraf mühitə mənfi təsirinin qarşısının alınması, həmçinin Məlumatların Toplanmasının Avtomatlaşdırılmış Sistemi (ASDC) üzrə yığılması” mövzusunda təlim keçirilib. Təlimdə yerli qurumların mütəxəssisləri, çiləyici operatorlar və fermerlər iştirak ediblər.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, iştirakçılara çəyirtkəkimilərin biologiyası, zərərvurma xüsusiyyətləri, tətbiq olunan mübarizə üsulları və dərmanlama zamanı pestisidlərin insanlara və ətraf mühitə mənfi təsirinin qarşısının alınması, həmçinin çəyirtkələrlə bağlı məlumat bazasına - Məlumatların Toplanmasının Avtomatlaşdırılmış Sistemi (ASDC) üzrə yığılması barədə ətraflı məlumatlar verilib. Təlim çəyirtkələrin məskunlaşdığı Ceyrançöl ərazisində tarla şəraitində davam etdirilib və çəyirtkələrlə bağlı avtomatlaşdırılmış sistem (ASDC) üzrə tarla şəraitində toplanmış məlumatların planşetlər vasitəsi ilə məlumat bazasına ötürülməsi izah olunub. Həmçinin ultra kiçik həcmli (UKH) çiləyici texnikaların kalibrlənməsi nümayiş etdirilib. Həmçinin iştirakçılara bukletlər, maarifləndirici materiallar təqdim olunub.
Qeyd edək ki, son zamanlarda ölkəmizdə çəyirtkəkimilərə qarşı kimyəvi mübarizədə ultra kiçik həcmli (UKH) çiləyicilərin tətbiqi yüksək bioloji səmərəlilik göstərməklə qısa müddət ərzində böyük sahələrin dərmanlanmasına şərait yaradır. Müqayisə üçün bildirək ki, traktora qoşulan çiləyicilərlə gün ərzində 20-30 hektar çiləmələr aparıldığı halda, avtomobillərə bərkidilən ultra kiçik həcmli (UKH) çiləyicilər vasitəsilə 200-400 hektar ərazidə dərmanlamaların aparılması mümkündür. Eyni zamanda, UKH çiləyicilərdə istifadə olunan kimyəvi preparatlar yağ əsaslı olduğu üçün birbaşa suda həll edilmədən tətbiq olunur. Bu isə əlavə su ehtiyatının yaradılmasına, daşınmasına və tətbiqinə olan çətinliyi aradan qaldırır.
Hər il sürü əmələ gətirən çəyirtkəkimilərin idarə edilməsi, müşahidələrin aparılması və mübarizə işinin mütəşəkkil təşkili məqsədilə Aqrar Xidmətlər Agentliyində müvafiq qabaqlayıcı tədbirlər planlaşdırılır və çiləyici avadanlıqların işlək vəziyyətdə olmasına diqqət yetirilir.
Hazırda Ceyrançöl ərazisində çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri davam etdirilir.