SİYASƏT
Çikaqoda ADR-in yaranmasının 101-ci ildönümü ilə əlaqədar Azərbaycan bayrağı ucaldılıb VİDEO
Vaşinqton, 29 may, AZƏRTAC
Mayın 28-də ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərinin mərkəzində Azərbaycan Demokratik Respublikasının yaranmasının 101-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının dövlət bayrağı qaldırılıb.
Respublika Günü münasibətilə Çikaqonun “The Daley Center” binasında qısa tədbir proqramı keçirilib. Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan icmasının üzvləri və digər yerli sakinlər iştirak edib.
Mərkəzin prezidenti Fərid Məmmədov ölkəmizin müstəqillik tarixi haqqında ətraflı danışıb, Azərbaycan dövlət bayrağı haqqında geniş məlumat verib. Yerli sakinlərə Azərbaycan Demokratik Respublikasının tarixini əks etdirən məlumatlandırma vərəqləri paylanılıb.
Daha sonra Birləşmiş Ştatların və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib. Azərbaycan himninin sədaları altında Azərbaycanın dövlət bayrağı təntənəli şəkildə Çikaqo şəhər meriyası qarşısında qaldırılıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton