REGİONLAR


Çin texnologiyası əsasında becərilən pambıq sahələrində məhsuldarlıq 90 sentnerdən yuxarı, lif çıxımı 40 faizdən yüksəkdir

Bakı, 11 sentyabr, AZƏRTAC

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Ucarda yerləşən Şirvan Təcrübə Stansiyasında Çin texnologiyası əsasında becərilən pambığın bioloji məhsuldarlığının təyin olunması üzrə sahə nümayişi keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşlarının, Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun alimlərinin, fermerlərin və tədarük şirkətlərinin nümayəndələrinin iştirak etdiyi nümayişdə üç işçi qrupu yaradılıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, işçi qrupu tərəfindən hektara düşən bitki sayı, hər bitkiyə düşən qoza sayı, lif və çiyid çıxımı dəqiqliklə hesablanaraq təhlil olunub, elmi nəticələr yerində aktlaşdırılıb.

Nazirliyin Təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov və Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rəfail Quliyev yeni texnologiya üzərində aparılmış elmi nəticələri açıqlayıblar. Bildirilib ki, üç saat aparılan tədqiqat nəticəsində məhsuldarlığın 90 sentnerdən, hər qozadan lif çıxımının isə 40 faizdən yüksək olduğu müəyyən olunub.

Mütəxəssislər qeyd ediblər ki, pambıqçılığın qarşısında duran əsas hədəf hektara düşən məhsuldarlığın daha da yüksəldilməsi, fermer və tədarükçü şirkətlərin marağında olan lif çıxımının göstəricilərini yaxşılaşdırmaqdır. Bu məqsədlə hazırda Tərtər rayonunda yunan, Beyləqan rayonunda isə türk texnologiyası əsasında pambıq əkini aparılaraq yeni əkin-becərmə metodları öyrənilir. Gələcəkdə hər üç təcrübə birləşdirilərək innovativ əkin sxemləri tətbiq ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.