DÜNYA


Çində Duanu festivalı qeyd edilir VİDEO

Pekin, 25 iyun, AZƏRTAC

Çində qədim bayramlardan biri olan Duanu festivalı qeyd olunur.

AZƏRTAC xəbər verir ki, Şərq xalqlarının ay təqvimi ilə beşinci ayın 5-ci günü qeyd olunan bayram bu il iyunun 25-ə təsadüf edib. Rəvayətə görə, bu bayram eramızdan əvvəl IV-III əsrlərdə yaşamış vətənpərvər şair Çu Yuanın şərəfinə yaradılıb. Şair “Döyüşən hökmdarlıqlar” dövründə Çu hökmdarlığında yaşayıb. O, beşinci ayın 5-ci günü (Çu hökmdarlığının Çinq hökmdarlığı tərəfindən zəbt edilməsindən sonra) özünü Miluo çayına ataraq intihar edib. Əfsanəyə görə, şairin ölümündən sonra insanlar qayıqlara oturub çayda onun cəsədini xeyli axtarıblar. Hətta balıqların onun cəsədini yeyəcəyindən ehtiyat edərək suya xeyli miqdarda düyü atıblar ki, balıqlar düyünü yeyib, şairin cəsədinə toxunmasınlar.

Həmin hadisədən sonra hər il beşinci ayın 5-ci günü böyük şairin xatirəsinə çaylarda ənənəvi olaraq əjdaha formasında olan qayıqların yarışları keçirilir. Eyni zamanda, çaya Çu Yuan üçün bişmiş düyü ilə doldurulmuş bambuk buğumları atılır. Xalq arasında, həmçinin həmin gün “cuncı” – yarpağa bükülmüş düyü yemək adəti də var.

Çin Xalq Respublikası hökuməti 2005-ci ildən bu bayramın dövlət səviyyəsində qeyd olunması barədə qərar qəbul edib. Bu bayram ÇXR-dən başqa, Sinqapur və Malayziyada da qeyd olunur. Oxşar mərasimlərə Koreya, Yaponiya və Vyetnamda da rast gəlinir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.