CƏMİYYƏT


Çində koronavirus xəstələrinin yerləşdirilməsi üçün 6 günə xəstəxana inşa olunacaq VİDEO

Pekin, 24 yanvar, AZƏRTAC

Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayının davamlı armasını nəzərə alan səlahiyyətli qurumlar Uxan şəhərində 1000 çarpayılıq xüsusi mobil xəstəxananın inşasına qərar veriblər.

AZƏRTAC xəbər verir ki, artıq tikintisinə başlanılan xəstəxananın 6 günə hazır olması nəzərdə tutulub. Şəhərdə koronavirusa yoluxmuş sakinlər hazırda ayrı-ayrı xəstəxanaların infeksion xəstəliklər şöbələrində yerləşdiriliblər. Uxanda koronavirusun səbəb olduğu sətəlcəm xəstəliyi ilə əlaqədar yaradılmış xüsusi qərargahdan bildiriblər ki, virusa yoluxma hallarının çoxalması xəstələrin təcrid olunmuş qaydada ayrıca xəstəxanaya yerləşdirilməsi ehtiyacını yaradıb. Yeni tibb ocağının ümumi sahəsi 25 min kvadratmetr olacaq.

Bu cür xüsusi mobil xəstəxananın inşası Çində ilk dəfə deyil həyata keçirilir. Belə ki, 2002-2003-cü illərdə Çində yayılan Şiddətli Kəskin Respirator Sindromu (SARS) ilə əlaqədar paytaxt Pekinin kənarında 7 günə mobil xəstaxana inşa olunmuşdu.

Qeyd edək ki, Çində vəhşi heyvanlardan yayıldığı yəqin edilən koronavirusun indiyədək aşkar olunmamış növünə yoluxanların sayı 881-ə çatıb. Bu virus səbəbindən ölənlərin sayı isə 26-dır. Virusa yoluxanların sayının və bu səbəbdən ölənlərin sayının çoxalması ilə əlaqədar Xubey vilayətində, Şanxayda və paytaxt Pekində 1-ci səviyyədə fövqəladə hazırlıq vəziyyəti elan olunub.

Çinin materik hissəsi ilə yanaşı, Tayvan adasında, Honkonq və Makao xüsusi inzibati bölgələrində, xaricdə isə Tailand, Cənubi Koreya, Yaponiya, Sinqapur və ABŞ-da bu virusa yoluxma faktları təsdiqlənib. Bir neçə ölkədə isə virusa yoluxması şübhəli olan şəxslər müayinəyə cəlb olunub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.