DÜNYA
Çində leysan yağışlar nəticəsində 56 nəfər ölüb, 22 nəfər itkin düşüb
Pekin, 4 iyul, AZƏRTAC
Çində bir həftəyə yaxındır davam edən leysan yağışların törətdiyi fəsadlar nəticəsində 11 vilayətdə ümumilikdə 56 nəfər ölüb, 22 nəfər isə itkin düşmüş sayılır.
Çin Mülki Məsələlər Nazirliyinin məlumatında deyilir ki, Cıcian, Anhuy, Ciansi, Xubey, Xunan, Quandun, Sıçuan, Quycou və Yunnan vilayətində, Çunçin şəhərində və Quansi Caun Muxtar Rayonunda 27 mindən çox ev dağılıb, 37 min isə qismən zərər görüb. Yüz minlərlə hektar əkin sahəsini su basıb. Bəzi yerlərdə elektrik verilişində, su təchizatında ciddi fasilələr yaranıb. Bundan başqa, dəmir yolu, hava nəqliyyatında gecikmələr baş verib. Bir neçə vilayətdə çaylarda və göllərdə suyun səviyyəsi təhlükəli həddə çatıb. Siancian çayında isə suyun səviyyəsi rekord həddə (39,51 metr) qalxıb.
Ümumi maddi ziyan 25,27 milyard yuan (3,72 milyard ABŞ dolları) səviyyəsində qiymətləndirilir. Mərkəzi hökumət təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 1,88 milyard yuan vəsait ayırıb.
Təbii fəlakət bölgələrinə Mülki Məsələlər Nazirliyinin briqadaları, habelə 3 min hərbiləşdirilmiş polis cəlb olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin